Bismilləhir-Rəhmanir-Rəhim
Bütün dünya ölkələri cəmiyyəti qorumaq üçün və ictimaiyyəti nəzarətdən buraxmamaq üçün qanunlar qoyur. Dövlətin qoyduğu qanun və qaydalar insanları islah etmək, onları cəmiyyətin mənafeyinə yönəltmək və insanların törədə biləcək ziyanları azaltmaq üçündür. Bu məqsədlə elmi axtarışlar, yığıncaqlar, konfranslar və tədqiqatlar aparılır, sonra tətbiq üçün yeni üsüllar və qaydalar qoyulur. Belə tədbirlərdə təyin olunan üsülların rolu, əsasən insan psixologiyasına toxunmaqdır. Yəni insanın psixologiyası yeni qoyulmuş qanun çərçivəsinə uyğunlaşa bilsin. Lakin buna baxmayaraq illər keçsə də, yenə bu qanunların yerinə yenisi gəlir. İnsan əli ilə qoyulmuş qanunlar insan psixologiyasını formalaşdıra bilmir. Bundan aciz qalan insan artıq yeni qanunlarla özünü yormur və cəmiyyəti islah etmək üçün zorakılıqdan və təzyiqdən istifadə etməyə başlayır. Belə hallarda isə cəmiyyət öz istəklərini həyata keçirmək üçün "demokratiya" kimi yeni adlar icad edir, üsyanlar qaldırır, mitinqlər və etiraz aksiyaları keçirir və dövləti devirərək öz istədiyi qanunları yazır. Əlbəttə bu da son deyil, "demokratiya" və sairə kimi yeni icad olunmuş ideologiyalar kimlərisə qane etməyəndə, yeni ideologiyalar və hərəkatlar yaranır. Beləliklə insan, onu və hər şeyi Yaradanın qanununu qəbul etmək istəmir, cəmiyyəti islah edəcəyini düşünərək yeni qanunlar qoyur və bu kimi qanunlar bir müddətdən bir insanın rəğbət və şəhvətlərinə görə dəyişir.
Qurani Kərimdə bir çox ayələrdə iman və islah bir yerdə qeyd olunub və eyni ayədə müqayisə olunub. Ancaq bunu dərk etməyən və yaxud buna göz yuman bəzi insanlar imanı sadəcə "ibadət və itaət" ideologiyası kimi qəbul edir. Bu kimi insanlar belə düşünürlər ki, insanları yaradıb yer üzündə onlara nemətlər verən və bütün bəşəriyyətin Yer üzündə saleh (doğru-dürüst) yaşaması üçün qanunlar qoyan Allahu Təala, sanki bütün bəşəriyyəti dini adət-ənənələr üçün yaradıb.
Həqiqətdə iman və islah qəpik pulun iki üzü kimidir: iman bir üzü, islah o biri üzüdür. Əsl mömin və müsəlman kəs bu qəpiyin iki tərəfini də özündə cəm etməyi bacarandır. Bəziləri bu qəpiyin yalnız bir üzünü, iman tərəfini görə bilir və o biri üzündən qafil (xəbərsiz) olurlar. Elə bilirlər ki, iman elə ancaq İslamın 5 şərtidir və bunları həyata keçirməklə onlar imanlarını kamilləşdirmiş olurlar. Bəziləri də elə düşünürlər ki, dünya həyatı daxilində yaradıb, qurmaq və düzəltmək imanla bağlı deyil. Onlar İslamın və imanın dünya həyatı ilə heç bir əlaqəsi olmadığını iddia edir və deyirlər ki, islahatlar aparmaq möminlərin deyil siyasətçilərin, qərbçilərin və şərqçilərin işidir. Onlar unudurlar ki, islahat deyilən bir prossesin ən əsas mərhələsi insan və ailə islahı mərhələsidir. Çünki düzgün və sağlam qurulmuş ailə cəmiyyət adlanan binanın fundamentidir. Bəs onda islahatlar haradan və kimdən gəlir?!
Allahu Təala Qurani Kərimin Yunus surəsində belə buyurur: ((De: "Şərikləriniz içərisində (insanları) haqq yola yönəldə bilən bir kimsə varmı?" (Sənə cavab verə bilməyən müşriklərə) de: "Allah (insanları) haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?"))
Cəmiyyətin doğru şəkildə, şamil formada və həqiqi surətdə islahı və mənfəəti, yalnız cəmiyyəti yaradan Allahu Təalanın qoyduğu qanunlar çərçivəsində ola bilər. Qurani Kərimi diqqətlə oxuyan, imanın islahatlarla bir tutulduğunu görə bilər.
Peyğəmbərimiz (s.a.s) buyurub ki; "Qiyamət günü qalxarsa (başlayarsa) və sizlərdən birinizin əlində bir budaq qalıbsa, onu əkə bilərsə durmadan əksin".
Əslində qiyamət gününə inanan və onu gözləyən yalnız müsəlmanlardır. Lakin Peyğəmbərimizin (s.a.s) göstərişindən belə anlayırıq ki, qiyamət qalxan anda belə dünyadakı işimizi yarımçıq qoymamalıyıq. Hansı ki, bu işin nəticəsini artıq gözləməyə dəyməz. Ancaq anlamalıyıq ki, Allahu Təala bizə axirətə inanmağı əmr etdiyi kimi bu dünyada yaşayıb çalışmağı və Yer üzündə islahatlar aparmağı da əmr edib.
inşaAllah ardi var...Saglam şərhlər gozleyirem....