Gecə saat on iki idi.
Mitya Kuldarov həyəcanlanmış, saçları pırpızlanmış halda külək kimi valideynlərinin mənzilinə uçdu və sürətlə bütün otaqlara girdi. Valideyinləri artıq yatağa uzanmışdılar. Bacısı yerinə uzanıb oxuduğu romanın axırınıcı səhifəsini bitirməkdə idi. Gimnazist qardaşlarıı yatmışdı.
- Sən hardan gəlmisən?- valideynləri təəccübləndilər. - Nə olub sənə?
- Eh, soruşmayın! Mən heç cürə gözləmirdim! Yox, mən heç cürə gözləmirdim! Bu… bu hətta mümkün deyil!
Mitya qəhqəhə çəkərək xoşbəxtliyindən ayaq üstə dayana bilmədiyindən kresloya çökdü.
- Bu mümükn olan şey deyil! Siz təsəvvür edə bilməzsiniz! Siz bir baxın!
Bacısı çarpayının üstündən sıçrayıb, yorğanı çiyninə ataraq qardaşının yanına gəldi. Gimnazistlər oyandılar.
- Sənə nə olub? Səndə sir-sifət qalmayıb!
- Anacığım, bu məndə sevincdəndir! Axı mən indi bütün Rusiyada məşhuram! Bütün! Əvvəllər bu dünyada kollec qeydiyyatçısı Dmitri Kuldarovun mövcud olduğunu ancaq təkcə siz bilirdiniz, amma indi bütün Rusiya bu haqda bilir! Ey İlahi!
Mitya yerindən sıçrayıb bir-bir bütün otaqlara qaçdı, yenidən gəlib oturdu.
- Axı nə olub ki? Ağıllı-başlı başa sal görək!
- Siz vəhşi heyvanlar kimi yaşayırsınız, qəzet oxumursunuz, aşkarlığa heç bir fikir vermirsiniz, axı qəzetlərdə o qədər gözəl şeylər yazılır ki!
Əgər bir şey baş verərsə, o saat hamıya məlum olur, gizlədilmir! Mən necə də xoşbəxtım! Ey İlahi! Axı qəzetlərdə ancaq məşhur adamlardan yazırlar, amma buna baxın, götürüb məndən yazıblar!
- Sən nə danışırsan? Harda?
Atasının rəngi ağardı. Anacığı ikonaya tərəf çönüb xaç çəkdi. Qısa gecə köynəklərində yatmış gimnazistlər yerlərindən sıçrayıb öz böyük qardaşlarının yanına gəldilər.
- Hə-ə! Mənim haqqımda yazıblar! İndi bütün Rusiya mənim haqqımda bilir. Siz, anam, bu nömrəni yadigar kimi gizləyin! Hərdən oxuyarıq. Bir baxın!
Mitya cibindən qəzeti çıxardı, atasına verdi, sonra göy karandaşla haşiyələnmiş yerinə barmağını çırpdı.
- Oxuyun!
Atası eynəyini gözünə taxdı.
- Oxuyun də!
Anacığı ikonaya baxıb bir də xaç çəkdi. Atacığı öskürərək içini arıtladı və oxumağa başladı:
- “29 dekabrda, axşm saat 11 də, kollec qeydiyyadçısı Dmitri Kuldarov…
- Görürsünüz, görürsünüz! Sonrasını oxu!
- … kollec qeydiyytçısı Dmitri Kuldarov, Kozixinin evinin binasında yerləşən, Malıy Bronnı küçəsindəki qara pivəxanadan çıxanda, sərxoş vəziyyətdə olduğundan…
- Mən Semen Petroviçinən bir yerdə idim… Hər şeyi incəliklərinə qədər yazıblar! Davam edin! Qulaq asın!
- … və sərxoş vəziyyətdə olduğundan sürüşərək Yuxnovski uyezdinin Durıkina kəndinin kəndlisi, faytonçu İvan Drotovun atının ayağının altına yııxılmışdır. Atlar hürkərək Kuldarovun üstündən sıçrayıb atlanmış və içərisində ikinci gildiyanın üzvü olan moskvalı tacir Stepan Lukovun əyləşdiyi xizəyi də onun üstündən aşırıb sürətlə küçədən qaçmışdır və həyətin dalandarı tərəfindən tutulmuşdur. Əvvəlcə huşsuz vəziyyətədə olan Kuldarov polis məntəqəsinə aparılmış və orada həkim müayinəsindən keçirilmişdir. Onun boyun arxasından aldığı zərbə…
- Atacan, faytonun qabaq tərəfindəki taxta dəymişdi. Davam elə! Siz arxasını oxuyun!
- … onun boyun arxasından aldığı zərbə, yüngül xəsarət sayılımışdır. Baş verən hadisə haqqında protokol yazılmışdır. Zərərçəkənə tibbi yardım edilmişdir…”
- Dedilər ki, boynumun dalını soyuq su ilə isladım. İndi oxudunuzmu? Hı? Bax, bax budur! İndi bütün Rusiyaya yayıldı! Di bəri verin!
Mitya qəzeti qapdı, qatladı və cibinə soxdu.
- Qaçım Makarovgilə, onlara da göstərim… İvanitskilərə də göstərmək lazımdır, Natalya İvanovnaya, Anisim Vasilyeviçə… Qaçıram! Xudahafiz!
Mitya metaldan məxsusi nişanı olan furajkasını başına qoydu, təntənəli, sevincli bir halda küçəyə qaçdı.